Naxçıvan Müəllimlər İnstitutunda institutun Kitabxanası və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar” siyahısında olan “Mister Hemferin Xatirələri” kitabının müzakirəsi keçirilib. Kitab müzakirəsində kitabxananın əməkdaşları, Tələbə Gənclər Təşkilatının kitab müzakirəsi klubunun üzvləri, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə giriş sözü ilə institutun rektoru Azad Novruzov qeyd edib ki, dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə kitaba marağın, mütaliə bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşünün zənginləşdirilməsində olduqca böyük əhəmiyyətə malikdir. Rektor bəzi Qərb dövlətləri tərəfindən türk xalqlarına və İslam ölkələrinə qarşı həyata keçirilən məkrli addımlara münasibət bildirib, gənc nəslin düzgün, vətənpərvər ruhda tərbiyəsinin önəmini vurğulayaraq vətənin gələcək mənafeyi naminə mübarizliyin təbliğinin vacibliyini diqqətə çatdırıb.
Sonra institut kitabxanasının müdiri Şəfayət Sadiqova, “Təbiət və incəsənət” fakültəsinin dekanı Rövşən Vəliyev, Hümanitar fənlər kafedrasının müdiri Aslan İbrahimov və institutun əməkdaşları çıxış edərək kitab haqqında fikirlərini bildirib, gəncləri ayıq-sayıq olmağa səsləyiblər. Qeyd olunub ki, bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur xristian casusunun öz etiraflarından məlum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi etiraz yaratmaq, dinin həqiqi və əsas etiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq, sadəlövh gəncləri cəlb edərək təlim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək kimi ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar. Çıxışlarda vurğulanıb ki, tarixdə nə qədər hemferlərin olması və onların törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə məlum deyildir. Hətta onlar bu gün də müsəlmanların içərisinə soxularaq parçalayıb istismar etməklə məşğuldurlar.
Sonda tələbələr çıxış edərək kitabla bağlı öz fikirlərini bölüşüb, bu kitabın daha çox oxunmasını tövsiyə edib, gənc nəsil kimi daha diqqətli, ayıq və duyarlı olmalı olduqlarını bildiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
+10