Bu gün Naxçıvan Müəllimlər İnstitutunun kitabxanasının və Tələbə Gənclər Təşkilatının “Kitab müzakirəsi” klubunun təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib.
Müzakirədə institutun kitabxana müdiri Şəfayət Sadiqova giriş sözü ilə, baş biblioqraf Kəmalə Məmmədova “Cəlil Məmmədquluzadənin həyat yolu” mövzusunda, “Azərbaycan dili və ədəbiyyət” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru dosent Fəxriyyə Cəfərova “Cəlil Məmmədquluzadənin əsərlərində nadanlığın ifşası” mövzusunda çıxış ediblər. Çıxışçılar Mirzə Cəlil hekayələrinin “Oxunması zəruri olan kitablar”ın siyahısında yer almasının ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib və belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıblar.
Sonra hekayələri tələbələrin dili ilə səsləndirilib. Müzakirələrdə fəal iştirak edən tələbələr ədibin ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən hekayələrini, onların mövzuları və personajlarını geniş müzakirə ediblər, onları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb.
Sonda Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.