Naxçıvan Müəllimlər İnstitutunun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə görkəmli söz ustadı Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Bəxtiyar Vahabzadənin siyasi lirikası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransı institutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, milli düşüncə tərzimizin formalaşmasındakı rolundan bəhs edib.
Tədbirdə ilk olaraq dosent Həsənəli Eyvazlı “Xalq şairi Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılıq yolu” mövzusunda çıxış edib. O, Vahabzadənin keçdiyi mənalı ömür yolundan, ədəbi fəaliyyətinin əsas mərhələlərindən və bu prosesdə ədibin göstərdiyi ictimai mövqedən danışıb.
Sonra professor Sədaqət Həsənova “Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığının dil-üslub xüsusiyyətləri” adlı məruzəsində şairin poetik dilini, əsərlərindəki bədii təsvir vasitələrini və üslub fərqliliyini təhlil edib. Alim, xüsusilə Vahabzadənin ana dilinə və milli-mənəvi dəyərlərə bağlılığının onun yaradıcılığında necə əks olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən, kafedranın dosenti Ramiz Qasımov isə “Xalq şairi Bəxtiyar Vahabzadənin poemaları və dram yaradıcılığı” mövzusunda təqdim etdiyi çıxışda şairin nəsr və dram əsərlərinə nəzər salıb. O, Vahabzadənin poemalarında və pyeslərində milli məsələlərə və ictimai motivlərə verdiyi önəmi geniş şəkildə təhlil edib.
Çıxışlarda Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi, poeziyasında və dramaturgiyasında yer alan milli, siyasi və ictimai ideyalar geniş müzakirə olunub. Konfrans iştirakçıları bu irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar.
