Naxçıvan Müəllimlər İnstitutunda kitab təqdimatı keçirilib
2 noyabr 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının və Kitabxananın birgə təşkilatçılığı ilə Naxçıvanda yaşayıb yaradan şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl qələm” mükafatı laureatı Alməmməd Eldaroğlunun Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Qonaq getmişdim Araza” və “Könlümün yurdu Vətən” adlı kitabları ilə Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə görüşüb, həmçinin şairin kitablarının təqdimatı keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, Heydər Əliyev ili çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda keçirilən Tədbirlər Planına əsasən tələbələrin elm adamları və ziyalılar ilə mütəmadi görüşləri keçirilib. Bu gün məhz Alməmməd Eldaroğlu ilə görüş o istiqamətdə atılan addımlardan biridir.
Rektor vurğulayıb ki, tarixi düşüncələr əsasında yazılan bu miniatür kitab Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bütövlük ideyalarını özündə əks etdirən, bugünkü ictimai-siyasi-mədəni vəziyyətini təhlil edən həcmcə kiçik mənasına görə çox böyük əhəmiyyətə malik bir kitabdır. Azad Novruzov bu münasibətlə müəllifi təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra AMEA Naxçıvan bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “İstiqlal və qələbənin hayqıran səsi” mövzusunda, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, Əməkdar jurnalist Hüseyn Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Qaraxan çıxış edib, institutun fəal kitabsevər tələbələrindən olan Bahar Mehrəliyeva və Sevgi Fərzəliyeva şairin şeirlərini səsləndiriblər.
Çıxışlarda bildirilib ki, Ədəbiyyata qəlbən bağlı olan şair çoxlu sayda şeir, qəzəl və poemaların müəllifidir. “Vətən əmanətdir” (Bakı, 2011), “Mənim gördüyüm dünya”(Bakı, 2013), “Niyə belədir dünya” (Naxçıvan, 2021), “Dağlar qartalı”(Naxçıvan, 2022), “Vətən harayı”(Naxçıvan, 2022), “Könlümün yurdu Vətən” (Naxçıvan, 2023) adlı kitabları işıq üzü görmüşdür. Diqqətə çatdırılıb ki, heca və sərbəst vəznlərdə 8-lik və 11-lik formalarda yazılan qoşma, bayatı və gəraylılarda poeziya dili ilə bütöv Azərbaycan xəritəsi çəkilir, turan eli, türkçülük ideyaları ön planda tutulur, Azərbaycan-Türkiyə dostluğu, Vətənimizin qəhrəman oğullarının şücaətindən məharətlə danışılır, Azərbaycan dilinin dərinliklərinə xas arxaik sözlərdən Vətən sevdalı misralarda ustalıqla istifadə edilir.
Sonda “Yaradıcılığa başladığım ilk vaxtlardan Azərbaycanı bügünkü kimi görmək istəmişəm” deyən şair Alməmməd Eldaroğlu yaradılan şəraitə görə institut rəhbərliyinə və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.